Super User

Super User

Bu gün Şəki şəhər Salman Mumtaz küçəsində 31 yaşlı Nəriman Mustafayevin idarə etdiyi "Kia" markalı avtomobillə 83 yaşlı Abuzər Abdullayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Abuzər Abdullayev ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qaxda taksi fəaliyyəti ilə məşğul olan sürücüləri fərqlənmə nişanına cəlb etmək məqsədilə reyd keçirilib. Reyd Qax rayon Polis idarəsinin Yol Polisi bölməsinin əməkdaşları və  Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə təşkil olunub. Reyd zamanı əlliyə yaxın taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb və onlarla maarifləndirici söhbətlər aparılıb. Ona yaxın sürücüyə isə inzibati qaydada protokol yazılaraq cərimə olunublar. Bu cür reydlərin mütəmadi olaraq dəvam etdiriləcəyi bildirilir.

Cümə, 11 Noyabr 2022 19:49

Şəkidə insan sümükləri tapılıb…

Qalıqlar ərazidə yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb. Belə ki, beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib. Hadisə yerinə Turizm Agentliyinin, antropologiya institunun nümayəndələri və prokurorluq əməkdaşları cəlb edilib. Aşkarlanmış sümüklərə və  binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Tapılmış sümüklərin daha artıq ola bilməsi ehtimalına qarşı qazıntıların davam etdirilməsinə qərar verilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırmalar davam edir.

“Şəhərdən Kəndə” layihəsinə müraciət edən arıçı fermer aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Bununla da arıçılıq məhsullarının istehsalı və satışı ilə yanaşı, təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə əlavə gəlir mənbəyi yaradıb. Layihə çərçivəsində təsərrüfatda yenidənqurma işləri aparılıb və təsərrüfat abadlaşdırılıb, bir sıra avadanlıqlar və əşyalarla təmin olunub. Görülən işlərlə tanış olmaq məqsədi ilə “Aqrar Tədarük və Təchizat” ASC-nin və rayon icra hakimiyyətinin rəsmiləri təsərrüfatı ziyarət ediblər. Tanışlıq turunda Şəhid övladları və aztəminatlı ailəlrin uşaqları da iştirak edib. Oyun meydançasında əylənən azyaşlılar təsərrüfatda sərgilənən milli mətbəx nümunələrini dadıb. Onlara hədiyyələr təqdim edilib. “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır. Bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

Cümə, 11 Noyabr 2022 17:50

"Məktəbdən karyeraya başla"

Şəki şəhərində Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə məktəblilərlə “Karyera planlaması” adlı tədbir baş tutub. Əsas məqsədi 8-11-ci sinif şagirləri arasında peşəyönümlü məsləhət xidmətlərinin aparılması olan tədbirdə icra hakimiyyətinin, məşğulluq agentliyinin nümayəndləri, müxtəlif peşə sahibləri, məktəblilər iştirak ediblər. Çıxış edənlər şagirdlərə gələcək karyeralarında uğur qazanmağın ilkin mərhələsi olan ixtisas seçiminin vacibliyindən danışıblar. Tədbirdə gənclərə karyera axtarışında uğurlu seçim, əmək bazarındakı vəziyyət, ixtisas və ya peşə seçimi edərkən nələri nəzərə almaq lazımdır və s. mövzular haqqında məlumatlar verilib. Həmçinin xatırladılıb ki, xidmətin saytında mövcud olan alo karyera, ixtisas.az kimi elektron resurslar şagirdlərə gələcək ixtisas seçimində köməklik edə bilər. Tədbirə dəvət olunan müxtəlif peşə sahibləri öz uğurlu karyeraları və təcrübələrini məktəblilərlə paylaşıblar. Sonra şagirdləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Debatlarda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.

Şəki Regional Debat Mərkəzinin təsis edilməsinin 10 illiyi münasibətilə konfrans keçirilib. Tədbirdə idarə heyyətinin rəsmiləri, İcra nümayəndəliyi, Regional Təhsil idarəsinin əməkdaşları, QHT üzvləri, şəhid ailələri və bir sıra ictimayyət nümayəndələri iştirak edib. Mərkəzin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra konfransda çıxış edənlər 10 illik yola qısa nəzər salıblar, əldə olunan uğurlardan bəhs edilib. Tədbirin sonunda şəhid ailələrinə, fəaliyyətində fərqlənmiş bir sıra gənclərə və rəhbərlərə fəxri fərmanlar və diplomlar verilib.

2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 22 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Ən çox sürüşmə yolun 6-8-ci kilometrliyində qeydə alınır. 29-cu kilometrlikdə yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, 14 metr uzunluğunda dərin çuxur yaranıb. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında yoldan istifadə edən sürücülər çətinliklə üzləşirlər. Digər tərəfdən, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması da sürücülərin qəza törətməsinə səbəb olur. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda ikinci dəfədir ki, torpaq sürüşməsi baş verir. Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Uzun illər yolun yenidən qurulmasını arzulayan sakinlər yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar. Əraziyə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Sürüşmə nəticəsində yararsız vəziyyətə düşən avtomobil yolunun bərpasına başlanılıb. Sözügedən avtomobil yolunda təmir işləri aparıldığı üçün yağışlı və dumanlı havalarda əsasən də axşam saatlarında bu yoldan hərəkət edən sürücülərə diqqətli olmaları tövsiyyə olunur. 

507 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S