Super User

Super User

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Lahıcın mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur. Baharın gəlişi Lahıcda təntənə ilə qeyd edilir. 

Novruz bayramı hər il İsmayıllının Lahıc qəsəbəsində böyük təntənə ilə qeyd olunur. Yazın, baharın ilk gəlişini qeyd etmək üçün soyuq və qarlı gündə meydana,tonqal ətrafına cəmləşən qəsəbə sakinlərini Novruzun personajları olan Kosa və Keçəl salamlayıb. Qız-gəlinlərin evlərdə hazırladıqları şəkərbura,paxlava,lahıc halvası,şirin çörəklər,boyanan yumurtalar,cücərdilən səmənilər,şux bayram rəqsləri, folklor qruplarının çıxışları bayrama xüsusi rəng qatıb. Tonqal ətrafına cəmlənən qəsəbə sakinləri axşama doğru evlərinə çəkilib bayram süfrəsi üçün hazırlıq görürlər. Sözsüz ki, Novruzun gəlişinə ən çox sevinən uşaqlar olur. Çünki onlar bayram günü bir yerə toplaşar, öz aralarında məslətləşər, qızlar qulaq falına çıxar, oğlanlar qapılara papaq atarlar. Bayram axşamı digər şirniyyat və yeməklərlə bərabər süfrədə Lahıc plovunun olması vacibdir. Bayram plovu hazır olduqdan sonra, digər yeməklərlə birgə süfrəyə verilir. Masa arxasına keçən böyükdən-kiçiyə hər kəs bayram yeməklərindən dadıb, xoş söhbətlər edib, baharı qarşılayırlar. Bizimlə həmsöhbət olan 80 yaşlı Püstə nənə Lahıcda qeyd edilən Novruz adətlərindən söz açıb. Püstə nənə deyir ki,əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bir sözlə.  Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bayramınız mübarək!

Müdafiə Nazirliyinin baş Kəşfiyyat idarəsi şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün Novruz şənliyi təşkil edib. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardından  Azərbaycan himni səsləndirilib. Çıxış edənlər igid əsgərlərimizin qəhrəmanlıqlarından, kəşfiyyatçıların qorxmazlığından danışıblar. Vurğulanıb ki, Qarabağda Azərbaycanın qazandığı qələbə və ordumuzun inanılmaz əməliyyatları tarixdə silinməz iz buraxıb. Bu tarixi yazan övladların valideynlərinə təşəkkür edilib və bildirilib ki, xalq və dövlət öz qəhrəmanlarını unutmur, daim  diqqət mərkəzində saxlayır. Tədbirin bədii hissəsində müxtəlif ədəbi bədii kompozisiyalar nümayiş etdirilib. Tanınmış xalq artistlərinin ifasında vətənpərvər mahnılar səsləndirilib. 

Bazar, 20 Mart 2022 15:02

Qəbələyə turist axını...

Şimal-Qərb bölgəsinin əksər otellərində bayramqabağı yerlərin bron olduğu barədə sujet təqdim etmişdik. Artıq bu gündən turislər bölgələrə üz tutmağa başlayıb. Xüsusilə də Qəbələyə Novruz bayramında turist axını gözlənilir. Pandemiya səbəbindən sayında kəskin azalma müşahidə edilən ərəb turistlərə də rast gəlmək mümkündür.

Bayram həftəsi Qəbələyə minlərlə yerli və xarici turistin səfər edəcəyi gözlənilir. Rayondakı otellərin əksəriyyətində yerlər dolub. Novruzu Qəbələdə keçirmək istəyən yerli turistlərdən əlavə, BƏƏ, Dubay, Qətər, Hindistan və Pakistandan olan turistlər də istirahət üçün Qəbələni seçib. Qarın yağması da qış turizminin inkişaf etdiyi Qəbələyə turistləri cəlb edən əsas səbəblərdəndir. Otellər də turistlərin maraqlı istirahətini təmin etmək və milli adət-ənənələrimizi təbliğ etmək üçün müxtəlif əyləncələr təşkil ediblər. Qiymətlərə gəlincə, bayram ərəfəsində artım müşahidə edilir. Belə ki, bir gün üçün otaqların qiyməti 167 manatla -3500 manat aralığında dəyişir. Otellərdə doluluq müşahidə edildiyindən meşə və çay kənarındakı kotteclərə və kirayə evlərə üz tutanların da artacağı gözlənilir ki, burda da qiymətlər şəraitdən asılı olaraq 50 manatla - 800 manat arasındadır.  

Şəkidə şəhid və qazi övladları üçün Novruz şənliyi keçirlib. Şənlikdə 80-ə yaxın Vətən müharibəsi qazisi, 115 şəhid ailəsi üzvləri və şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlağını itirən qazilərimizin qəhrəmanlıqlarından danışıblar. Onların göstərdiyi rəşadətin gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbir Şəki Uşaq İncəsənət məktəbi və 2,3,4 saylı musiqi məktəblərinin şagirdlərinin ifasında rəngarəng musiqili proqramla davam edib.

Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub. Qax Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərini, aztəminatlı soydaşlarımızı, eləcə də rayon ərazisində yaşayan etnik qrupların nümayəndələrini ziyarət ediblər. Altmış ailəyə baş çəkən polis əməkdaşları onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar. Həmçinin, ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib, azyaşlılara isə hədiyyələr təqdim olunub.

 Şəkidə narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edən şəxslər saxlanılıb. Şəki rayonu Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyaları, geyim və kompüterin oğurlanması barədə Polis Şöbəsinə müraciətlər daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri-əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb. Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

445 -dən səhifə 466

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S