Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların İsmayıllı rayonuna səfəri təşkil edilib.İştirakçılar İsmayıllı rayonunun Basqal qəsəbəsi ilə tanış olublar. Tarixi irsimizlə tanışlığın davamı olaraq ukraynalı uşaqların Qəbələ, Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur. Uşaqlara eləcə də art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçiriləcək. Düşərgə iştirakçıları həmçinin meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər, ustad dərslərinə cəlb ediləcəklər. 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.