Super User
12 yaşlı məktəbli dron hazırlayacaq...
Qəbələnin Yemişanlı kəndində yaşayan Özcan Alcanovu göstərəcəyik indi. Qəbələ şəhər Nicat Apayev adına 4 saylı tam orta məktəbin 6-cı sinif şagirdi istifadəyə yararsız elektrik cihazlarının hissələrini çıxararaq elektron oyuncaqlar hazırlayır. 12 yaşlı məktəbli yalnız oyuncaqlara maraq göstərmir. O bir neçə elektron avadanlıq da hazırlayıb.Gələcəkdə mühəndis olmağı arzulayan məktəbli boş vaxtının çoxunu yaratdığı qurğulara sərf edir. Müsahibimiz deyir ki, növbəti dəfə üçün dron düzəltməyi planlaşdırır. Özcan Alcanovun fizikaya böyük marağı var. Məktəblinin bu marağını görən valideynləri ona dəstək olur, övladlarının gələcəkdə yaxşı bir fizik və mütəxəssis olacağına inanırlar. Özcan hələlik olimpiadalarda iştirak etməyi, beynəlxalq yarışlara qatılmağı planlaşdırır. Gələcək üçün isə əsas hədəfi nüfuzlu universitetlərdə təhsil almaq, Vətəninə layiqli gənc kimi yetişib, uğurlar qazanmaqdır.
2 gün əvvəl təmir olunan körpü yenə yararsız hala düşdü
Bir neçə gün öncə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhərinin girəcəyində hissəsində Tala çayı üzərindəki körpününün vəziyyəti ilə bağlı sujet təqdim etmişdik. Sürücülərin əsas şikayəti və qoruxusu körpünün hər iki başında yaranan iri çatlar idi. Onu da qeyd edək ki, sürücülərin bu çatlardan yayınmaq istəyi bir çox hallarda qəzalara da səbəb olur.
Sujeti təqdim etdikdən dərhal sonra körpünün təmirinə başlandığını görən sürücülərin sevinci uzun çəkməyib. Çünki aidiyyatı qurum problemi kökündən həll etmək əvəzinə həmişəki kimi sadəcə çalaların üzərini çox primitiv üsulla örtüb. Başdan sovdu görülən təmirin ömrü isə heç iki gün də çəkməyib. Qeyri-peşakarcasına vurulan yamaqlar sökülüb və körpünün vəziyyəti yenə əvvəlki vəziyyətinə qayıdıb.
Xatırladaq ki, ötən əsrin 70-ci illərində inşa edilən körpünün uzunluğu 133 metrdir. 4 il öncə əsaslı şəkildə təmir edilən körpü ikitərəfli nəqliyyatın daha rahat hərəkət etməsi məqsədi ilə genişləndirilərək, eni 9 metrdən 12 metrə çatdırılıb. Körpünün başlanğıc və son hissələrində, yəni dəmir konstruksiyanın torpaqla birləşdiyi yerdə çatların əmələ gəlməsi isə intensiv hərəkətin olduğu bu yerdə baş verə biləcək fəlakətin xəbərçisidir.
Ləzzətli və xeyirli kələm salatı resepti | Nahara az qala 26.01.2023
"Peşə təhsilinin əhatələndirilməsinə dəstək proqramı" layihəsi uğurla yekunlaşdı...
Gənclər Fondunun "İdeanı reallaşdır-2022" qrant müsabiqəsinin qalibi olmuş "Peşə təhsilinin əhatələndirilməsinə dəstək proqramı" layihəsi uğurla yekunlaşıb. Layihənin məqsədi gənclər arasında Peşə təhsili sahəsinə olan marağın artırılması və gənclərin Peşə təhsilinə cəlb olunmasına dəstək verməkdir. Layihə çərçivəsində 4 gün ərzində 140 gəncin iştirakı ilə təqdimatlar keçirilib. Layihə rəhbəri Orxan Əliyev Layihənin eksperti Etiram Sadıqzadə Təqdimat iştirakçısı Sevgi Abdullayeva
Şəkidə yük maşını yandı…
Şəki şəhərinin Şəki kəndində 62 yaşlı Arif Məsimzadəyə məxsus "QAZEL” markalı yük avtomobili yanıb. Yanğın nəticəsində yük maşının yanar hissələri, banına yığılan kömür və ərzaq malları yanıb. FHN-dən verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Keyfiyyət ilə kəmiyyətin üst-üstə düşmədiyi internet...
Azərbaycanın əksər bölgələrində internet məhz Aztelekom vasitəsi ilə ötürülür. Bölgələrdə fəaliyyət göstərən provayderlər də Aztelekomun avadanlıqlarından istifadə edirlər. Belə ki, əksər özəl provayderlərin bölgələrdə öz şəbəkələri yoxdur. Bu səbəblə də interneti ancaq mümkün olan bir yolla paylamalı olurlar. Optik xətlərin olmaması və köhnə avadanlıqlardan istifadə isə həm göstərilən xidməti aşağı salır, həm də ki, internetin sürətini. Xüsusilə də, küləkli, yağışlı və qarlı havalarda internet bərbad vəziyyətə düşür. Elə şəhər sakinləri də, artıq bu cür internet istifadə etməkdən təngə gəldiklərini deyirlər. Əlbəttə ilk olaraq bu cür hallarda vətəndaşlar tək ümid yerləri olan Aztelekoma müraciət edirlər. Ancaq qurum internet və ya telefon borcu olduqda dərhal xətt bağlayaraq göstərdiyi operativliyi nədənsə problem yarananda nümayiş etdirmir. Bərbad internetə həsrət qalanlar da var. Bəli, hər nə qədər qəribə səslənsə də, hazırda Şəkidə bir sıra kəndlər var ki, orda nəinki internet, heç telefon xətti belə yoxdur. Kənd sakinləri hər bir işin onlayn görüldüyü dövrdə internet xəttinə belə sahib ola bilmədiklərindən gileylənirlər. Aztelekomdan isə sorğumuza cavab olaraq bildirildi ki, hazırda Bakı, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax, Beyləqan, Şəki də daxil olmaqla 60 rayon və şəhərdə GPON və digər genişzolaqlı texnologiyalarla sürətli internetin təmin edilməsi istiqamətində işlər aparılır. Ancaq aparılan işlərin yekunlaşmasına dair göstərilən tarix 2024-cü ilə təsadüf edir. Görünür internet istifadəçiləri bir müddət daha bu vəziyyətə dözməli olacaqlar.
Dağılmış qədim məzarlıq...
Bu yer Qəbələnin rayon mərkəzindən 18 km şimal-qərbdə, dağların arasında yerləşən Qəmərvan kəndinin köhnə qəbiristanlığıdı. Dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşən kəndin bu hissəsində bir çox yerdə qədim qəbiristanlıq olması haqqında işarələr qoyulub. XVII əsrə aid olduğu deyilən məzarlardan bir neçəsi yan tərəfdən tamamilə açılıb. Sakinlər ehtimal edirlər ki, bu dəfə də qəbirlərin açılmasının səbəbi yağıntılı hava şəraitindən sonra dağdan selin gəlməsidi. Qədim qəbiristanlığın zaman ötdükcə bu şəkildə məhv olması yerli camaatı narahat edir. Kəndlilər ümidlidilər. Sümüklər ayaq açıb buralardan uzaqlaşmadan təmir işlərinə başlanılar deyirlər.
Əvvəl arvadını, sonra özünü bıçaqladı...
Şəki şəhər sakinləri Xəqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Xaqani Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra isə özünü bıçaqlayıb. Hadisədən sonra hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəqani Nuriyevin üzərində cərrahi əməliyyat aparılıb. Günəş Nuriyevanın xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.