Super User

Super User

 “Heydər Əliyev İli” ilə əlaqədar YAP Şamaxı rayon təşkilatı “Nə qədər ki, Azərbaycan var, məndə varam” mövzusunda tədbir keçirib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib. Çıxış edənlər tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıblar. Bildirilib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub. Tədbir ədəbi-bədii proqramla yekunlaşıb.

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bayan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Keçirilən tədbir zamanı rayonun Çapağan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 12 ton olan 16 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin üçüncü günü də yükunlaşdı. Şamaxıda imtahan prosesini Elm və Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, ADPU-nun Şamaxı filialının , Azərbaycan-Fransız Universitetinin və Yeni Azərbaycan Partiyasının rəsmiləri, eləcə də digər qonaqlar izləyiblər. Məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar. İmtahan prosesini izləyən qonaqlar qeyd edib ki, sertifikatlaşdırma təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq, gələcək uğurlarımızın təməli kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses inkişafa ehtiyacı olan istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq. Prosesin təşkilində məqsəd şagirdlər üçün ən yaxşı təhsili təmin edə bilməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində mütəmadi işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.

Cümə axşamı, 22 İyun 2023 15:44

Dünyadan təcrid olunan kənd...

Hansı ki, kənddə sözün əsl mənasında heç nə yoxdur. Söhbət İsmayıllının Keşxurt kəndindən gedir. Əhali sayı getdikcə azalan kəndin bircə səfalı təbiəti var. Yaşamaq üçün vacib olan sudan, yoldan, yanacaqdan ümumiyyətlə söhbət gedə bilməz. Ən acınacaqlısı da budur ki, 21-ci əsrdə bu kəndin uşaqları təhsil almaq hüququndan məhrum qalıblar. Yolumuz İsmayıllının Keşxurt kəndinədir. Gözdən-könüldən uzaq olan bu kənd rayon mərkəzindən 30 km uzaqlıqda yerləşir. Cəmi 14 ailənin yaşadığı bu yerə getmək üçün Gəraybəyli kəndi istiqamətində bir neçə km asfalt yolu rahat şəkildə qət edərək Keşxurt kəndinə üz tuturuq. Dağların arasından, meşənin ortasından enişli-yoxuşlu yolları keçərək kəndə çatırıq. Çatıb bir stəkan su alıb içmək istəyəndə özünə deyirsən dayan. Amma bu kənddə hamının bəxti Rəhilə xanım kimi gətirmir. Bəli, kəndin ən qiymətli heyvanıdı uzunqulaq. Kimdə varsa, bir addım yox, xeyli irəlidədi deyirlər. İş ondadı ki, yay aylarında bulaq da quruyur. Əlacsız qalan sakinlər ya əllərində su qabları 7 km uzaqlıqda yerləşən qonşu kəndə gedirlər, ya da suyu pulla almalı olurlar. Təbii ki, yolsuz kəndə uzaq məsafədən gətirilən suyun qiyməti də ikiqat artır. Susuzluq səbəbindən kənddə ağaclar məhv olur, fərdi təsərrüfatlar sıradan çıxır. Özü üçün belə su tapmayan kəndlinin mal-qarası susuzluqdan tələf olur. Dərd bir ola, iki ola. Kənddə problem tək su ilə yekunlaşmır. Burda nə yol, nə mavi yanacaq,tibb məntəqəsi,market,nə də məktəb var. Kənddə yaşayan uşaqlar təhsil almaq üçün ilin dörd fəslində, min bir əziyyətə qatlaşaraq ya başqa kəndlərə elm dalınca getməli olur, ya da ki, rayonda yaşayan qohumlarının evində qalaraq təhsillərini davam etdirirlər. Qalacaq yerləri olmayanlar isə..... Kənddəki vəziyyət ailələri burdan didərgin salıb. Kənd sakinləri dəfələrlə dərdlərini aidiyyatı qurumlara danışsalar da çarə qılan tapılmayıb. Elə kəndin icra nümayəndəsi də deyir ki, mövcud vəziyyətdən yuxarılar xəbərdardı. Belə görünür ki, cəmi bir neçə ilə tərk edilmiş kəndlərin siyahısında Keşxurtun da adı görünəcək.

384 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S