Şamaxının Mərzəndiyə kəndində yeni tibb məntəqəsinin açılması kənd sakinləri üçün əsl hədiyyə idi. Artıq sağlamlıqlarının daha əmin əllərdə olduğunu düşünürdülər. Lakin onlar heç gözləmədikləri bir nəticə ilə qarşılaşıblar. Kənd sakinləri müasir standartlara uyğun tikilmiş məntəqənin qapılarının hələ də onların üzünə açılmasını gözləyirlər.
Şamaxının Mərzəndiyə kənd tibb məntəqəsi bir neçə il öncə yenidən qurulub. Ancaq kənd sakinlərinin böyük həvəslə istifadəyə veriləcəyini gözlədiyi səhiyyə ocağının qapısı hələ də açılmayıb. Xəstəsi olanlar ən xırda narahatlıqda belə şəhərə qədər getməyə məcbur qalırlar. Kəndin şəhərdən uzaq olması isə həm xəstəni çatdırmaq baxımından, həm də maddi baxımdan sakinlərə böyük problem yaradır.
Sakinlər aidiyyatı qurumlara müraciətində kadr çatışmazlığığnın əsas gətirildiyini bildirirlər. Ancaq elə kəndin özündə məntəqədə çalışa biləcək tibbi personalın da olduğunu iddia edirlər. Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir.
Burada 2 ailə həkimi 7 tibb bacısı və 1 mama çalışır. Mərzəndiyyə tibb məntəqəsində həkim ştatı nəzərdə tutulmayıb. Burada tibb bacısı ştatına işə qəbul üçün isə elan verilsə də, heç bir müraciət daxil olmayıb.
Cümə, 16 Fevral 2024 15:01