Super User
Polis işçilərinin peşə bayramı qeyd olunub...
Şəkidə Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca Polis Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan Şəki şəhər-rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi yoldan bəhs edib. Daha sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. Şəki şəhər İcra Hakimiyyətinin başçısı, eləcə də digər çıxış edənlər polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıblar. Xidmətdə fərqlənən bir qrup əməkdaş isə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Muğanlı-İsmayıllı yolunda çökmə aradan qaldırıldı...
Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb. Sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna yönəldilib. Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir. Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsi geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu səbəbdənyol boyunca hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən yol yenidən qurulur. Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində yeni yol aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Bundan başqa sözügedən ərazidə yolun uzunömürlü və davamlı olması məqsədilə sürüşməyə qarşı tədbirlər də görülür. Qeyd edək ki, layihənin icra edilməsi sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə, yol-nəqliyyat hadisələrinin, eləcə də nəqliyyat xərclərinin azaldılmasına, regionda turizmin inkişafına hesablanıb.
Otdaşıyan avtomobillərin yaratdığı təhlükə
Yay aylarında baş verən yol nəqliyyat hadisələrinin bir qismi, normadan artıq yüklənmiş avtomobillərin ehtiyatsızlığı ucbatından yaşanır. Belə ki, istər elektrik naqillərinə toxunaraq yanan yüklü avtomobillər, istərsə də yükərin digər nəqliyyat istifadəçilərinin üzərinə aşması nəticəsində təhlükəli şəraitin yaranması qaçılmaz olur. Ancaq yük daşımalarının da öz qaydaları var. Yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Baş Dövlət Yol polisi idarəsindən də qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə sürücülər haqqında çoxsaylı inzibati tədbirlərin görülməsinə baxmayaraq, bu cür qayda pozuntularını tez -tez müşahidə edildiyi bildirildi. Bir sözlə yollarda həm öz həm də digər nəqliyyat iştirakçılarının təhlükəsizliyini qorumaq üçün yük maşını sürücülərinin üzərinə böyük məsuliyyət düşür. Odur ki, bu sahədə daha yaxşı maarifləndirici işlərin görülməsinə ehtiyac var.