Super User
Qanvermə aksiyası keçirilib…
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ə Qax Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirib. 14 iyun Ümumdünya Qan Donoru Günü münasibətilə keçirilən aksiyada rayonun bir çox təşkilatları fəallıq nümayiş etdirib, kifayət qədər sağlam donordan qan götürülüb. Aksiyada rayon polis şöbəsinin kollektivi də iştirak edib. Tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatdı…
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb. İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub. Qalibə fəxri kürsüdə mükafatını Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib. İlk iki turdan sonra ümumi sıralamaya başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb. Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.
Niyaməddin Musayev ft Dərviş Band - Dünya Sənin | Xeyirli axşamlar 08.06.2023
Eşitməyən qalmasın 08.06.2023
Əl və ayaqlarda əsmə! | Həkimcanlı 08.06.2023
KOB dostu fəaliyyətə başladı…
Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq. Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar.
Güclü leysan və külək Şimal-Qərbdə fəsadlar törətdi…
Ötən gün gecə saatlarında başlayan külək və leysan İsmayıllı rayonunda ciddi fəsadlar törədib. Sel nəticəsində dağlardan qopan qaya parçaları və lil İsmayıllı-Lahıc avtomobil yolunu tamam bağlayıb. Gəndov, Namazgah kəndləri və Lahıc qəsəbəsində şəxsi təsərrüfatlara, yollara, ziyan dəyib, qaz, su və elektrik xətlərində sıradan çıxıb. Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Gecədən səhər saatlarınadək aparılan tədbirlər nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub. Qəbələyə yağan güclü leysan rayonun bir neçə kəndinə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində Laza kəndinə gedən yolu sel suları yuyub. Yol yararsız hala düşüb, Laza kəndinin rayonla əlaqəsi tamamilə kəsilib. Hazırda alternativ yoldan istifadə edilir.Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılıb. Təbii fəlakət nəticəsində Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən 40 mənzildən ibarət binanın dam örtüyü qoparaq küçədə dayanan avtomobillərin üzərinə uçub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda yağış suları mənzillərə də ziyan vurub. Səhər saatlarından etibarən əraziyə cəlb edilmiş işçi qüvvəsi, texnika və tikinti materialları vasitəsi ilə uçmuş damın bərpası istiqamətində işlər aparılıb. Normadan artıq yağışlar nəticəsində Şəki ərazisindən axan bir çox çaylarda daşqınlar baş verib. Ümumilikdə rayonun 10 yaşayış məntəqəsində 21.4 km uzunluğunda kənddaxili avtomobil yolları yararsız vəziyyətə düşüb. Baş Zəyziddə 3 körpünü, Baş Göynük kəndini Baş Şabalıd kəndi ilə birləşdirən körpünü su yuyub aparıb. Cumakənddə 40 hektar taxıl və tütün sahəsi su altında qalıb. Əyriçay su anbarının daşması nəticəsində Babaratma kəndini su basıb. Sakinlərin sözlərinə görə, daşqın nəticəsində kənddə 10 dan çox ev zərər görüb. Kəndin bir hissəsinin ətraf aləmlə əlaqəsi kəsilib. Qaxda leysan yağışları nəticəsində ictimai iaşə müəssisələrinin və fərdi yaşayış evlərinin həyətlərini su basıb. Təbiət hadisəsi nəticəsində yol kənarında olan ağaclar aşıb, yağış suları həyətyanı sahələrə dolub. Bundan başqa, Qapıçayda suyun səviyyəsi artdığından daşqın olub. Nəticədə Marsan və Şotavar kəndlərində yerləşən üç restoranın ərazisini su basıb. Qax sakini yük avtomobili ilə Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb. Sürücü təhlükəli vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan 37 yaşlı Yahyayev Famil İslam oğlunu xilas ediblər. Güclü külək səbəbindən Balakən və Zaqatala rayonları ərazisində bir-neçə ağaclar, elektrik və rabitə dirəkləri aşıb. Leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi qalxıb. Qax rayonu Kürmük çayında sel sularının keçməsi səbəbindən ərazidən keçən yeraltı optik rabitə xətti zədələnib. Bu səbəbdən ötən gün axşam saatlarından Qax, Zaqatala və Balakən rayonlarına internetin verilişi dayandırılıb. Müvafiq qurumlar yaranan problemi bir müddət sonra aradan qaldırıb. Leysan yağışları səbəbindən Zaqatala rayonu Muxax və Zəyəm kəndlərində kənd daxili yollarda qısa müddətli sel keçib, təsərrüfatlara ziyan dəyib. Muxax və Zəyəm kəndlərini birləşdirən çay üzərindəki körpü qismən qəzalı vəziyyətə düşüb. Gecə saatlarından aidiyyəti qrumlar ərazilərə ezam edilib, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Milli Hidrometeorologiya Xidmətinin praqnozları isə ürəkaçan deyil. Rayonlarda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Ketçup alarkən nələrə diqqət etməliyik? | Elə çarə 07.06.2023
Ofelya Şabanova efirdə göz yaşlarına boğuldu | Xeyirli axşamlar 06.06.2023
Füsunkar bənövşəyi lavanda tarlaları...
Qəbələnin Çuxur Qəbələ kəndində 30 hektar ərazidə əkilən lavanda məhsuldarlığı ilə yanaşı, həm də görünüşü ilə kəndə gələn qonaqların diqqətini çəkir. Vizual olaraq göz oxşayan, ətri ilə bihuş edən lavanda təsərrüfatı qısa müddətdə ölkənin turizm marşurutlarından birinə çevrilib.
Artıq bir neçə ildir Qəbələdə lavanda çiçəyi yetişdirilir. Təsərrüfat sahibi Elbrus Əhmədov deyir ki, lavanda əkməyə qərar verəndə məqsədi turistik yox, məhz təsərrüfat xarakterli olub. Onun mülkiyyətində olan torpaqda suvarma sisteminin olmaması və iqlim dəyişikliyi nəticəsində əvvəl əkdiyi bir çox məhsuldan gəlir əldə bilməyib. Quraqlığa davamlı, 20 il bar verən lavanda bitkisini sınamaq qərarına gəlib. Bunun üçün Bolqarıstandan lavanda toxumları gətirib əkib. Məqsəd isə antiseptik təsirə malik bu bitkini kosmetika və tibdə geniş istifadə olunduğundan xarici ölkələrə yağ istehsalı üçün ixrac etmək olub.
Ancaq lavanda yalnız faydalı xüsusiyyətlərinə görə deyil, həm də çiçəklərin gözəlliyinə və incə ətrinə görə yüksək qiymətləndirilir. Məhz bu xüsusiyyətlərinə görə tez bir zamanda insanların diqqətini çəkib. İndi Çuxur Qəbələ kəndinin çölləri turistlərin səhayət planlarında ilk yerlərdə qərarlaşıb. Bura nəinki ölkənin hər yerindən, bir çox xarici ölkələrdən də qonaqlar təşrif buyurur. Həftə ərzində bağı 3-5 min arası turist ziyarət edir.
Qonaqlar Qəbələnin şimal-şərqində, Qafqaz dağlarının ətəyində yerləşən lavanda plantasiyalarına baş çəkib, füsunkar bənövşəyi mənzərədən heyranlıq duyurlar. İstehsal olunan lavanda çiçəyindən isə aromatik lavanda yağı ilə yanaşı, bir çox məhsullar hazırlanır.