Super User
Şabalıdın yığımına start verilib
Qəbələnin dağətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyidir. Rayonda yaşı 800-1000 il olan qədim şabalıd ağacları nadir təbiət abidəsi kimi qorunur. Son dövrlər xəstəlik səbəbindən ağaclar məhv olma təhlükəsi ilə üzləşsə də görülən tədbirlər nəticəsində bu problem aradan qaldırılıb. Artıq bir neçə gündür ki, rayonda şabalıdın yığımına start verilib. Şabalıdın toplanması və saxlanması olduqca çətindir. İllərdir bu işlə məşğul olan Mahir Əlyarov deyir ki, bir şabalıd ağacı 100-300 kiloqram məhsul verə bilir. Qeyd edək ki, hazırda Qəbələdə kəndlilər öz həyətlərində bir kiloqram şabalıdı müştərilərə 5-20 manat aralığında dəyişən qiymətə satırlar.
Şagirdlər narkomaniyanın fəsadları ilə bağlı maarifləndirilib
Şəkidə 7 nömrəli tam orta məktəbdə Polis Şöbəsinin təşkilatçılığı ilə şagirdlərlə maarifləndirici söhbətlər aparılıb. Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəsmiləri və məktəb kollektivi iştirak edib. Çıxış edənlər narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən danışıblar. Həmçinin narkomaniyanın dünyanı narahat edən qlobal problem kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyi, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığı vurğulanıb. Bundan əlavə, dini radikalizm mövzusunda da söhbət aparılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.
Zəfər günü qeyd edilib
Şəki şəhər 10 nömrəli məktəbdə 8 noyabr zəfər gününə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edənlər Zəfər günündən, torpaqlarımızın işğaldan azad olunmasından, bu yolda qəhrəmanlıq göstərən igidlərimizdən danışıblar. Vətən müharibəsi veteranları öz xatirələrini şagirlərlə bölüşüb. Bildirilib ki, rəşadətli və güclü ordumuz qarşıda duran bütün maneələri dəf edərək 44 gün ərzində şanlı zəfər qazanıb. Zəfərə gedən yolda qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhidlər də unudulmayıb. Gənc nəslə örnək olan övladlar yetişdirən şəhid ailələrinə minnətdarlıq bildirilib. Tədbirin bədii hissəsində məktəblilərin zəfər gününə hazırladıqlar ədəbi-bədii kompazisiyanın nümayişi olub. Vətənpərvər ruhlu şeirlər səsləndirilib, müxtəlif səhnəciklər göstərilib.
Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizə gücləndirilir
Şəkidə torpaq və əmlak idarəçiliyinə həsr olunan zona müşavirəsi keçirilib. Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Şəki, Qax, Balakən və Zaqatala rayonları üzrə ümumilikdə 355 min hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində kadastr məlumat bazası yaradılıb. Müşavirəə həmçinin torpaqların təyinatına uyğun istifadə edilməməsi, sahələrinin ayrılmasında nöqsanlara da toxunulub. Bildirilib ki, son bir il ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin adıçəkilən rayonlarda monitorinqləri zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 584 fakt aşkar edilib və 268 inzibati protokol tərtib edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Balakəndə odlu silahlar aşkarlandı...
Balakəndə 2-si “Kalaşnikov” avtomatı olmaqla ümumilikdə 5 odlu silah aşkar edilib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib. Keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb. Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb. Faktlarla bağlı araşdırma aparılır.
Balakəndə sərxoş vəziyyətdə, narkotikin təsiri altında olan sürücülər saxlanıldı
Balakən Polisi “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində profilaktik tədbir keçirib. Avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Həmçinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobili narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən intizamsız sürücülər də aşkar olunub. Cari il ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında avtomobil idarə edən ümumilikdə 80 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də inzibati protokollar tərtib edilib.
Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub
Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə keçirilən Peşələr Festivalının növbəti ünvanı Zaqatala şəhəri olub. Festivalda ƏƏSM- nazirliyinin, rayon icra hakimiyyətinin, dövlət və özəl qurumların rəsmiləri, işəgötürənlər və gənclər iştirak edib.Qonaqlar Festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. “Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər. Bundan başqa Festival iştirakçılarına Agentliyin Mərkəzi Karyera filialının karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi təmin edilir, onlara xidmətlər haqqında məlumat verilir.