Körpü uçmaq təhlükəsi ilə üz-üzə…
Qax yolunun Zaqatala rayonu ərazisində rayonun ən gursulu çaylarından olan Böyükçayın üzərindəki uzunluğu 100 metrə yaxın olan körpünün dayaqlarından bir neçəsinin dibini sel suları yuyub. Hətta dayaqlardan biri az qala havadan asılı vəziyyətdədir. Nəzərə alsaq ki, yaz fəslidir və leysan yağışları tez-tez yağır çay yatağının daha da yuyulması körpünün uçmasına səbəb ola bilər. Digər tərəfdən, körpüdən iritonnajlı avtomobillərin də intensiv hərəkəti təhlükənin daha da böyüməsinə səbəb olur. Üstdən hər şeyin qaydasında olduğu görünsə də tədbir görülməzsə körpünün aqibətinin necə olacağını demək çətindir. Yoldan gündəlik istifadə edən sakinləri də elə bu narahat edir. Ümid edirik, körpünün vəziyyəti aidiyyatı qurum tərəfindən yenidən yoxlanıldığında, torpaq və dəmir konstruksiyaların birləşdiyi hissəyə də bir əncam çəkiləcək. Əks halda, çox kiçik görünən hissə, hələ çox avtomobillərin ehtiyyat hissələrinin sıradan çıxmasına yol açacaq.