Bazar, 27 Fevral 2022 13:39

Azərbaycanın bütün bölgələrində faciə qurbanlarının xatirəsi yad edilib.

Lənkəranda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri Xocalı soyqırımı abidəsinin önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Mərasimdə qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlıları Azərbaycan xalqına qarşı misli görünməmiş faciə törədiblər. Ulu Öndərin qətiyyəti sayəsində ermənilərin xalqımıza qarşı törətdikləri qanlı qətliam soyqırım faktı kimi qəbul olunub. Lerikdə də Xocalı soyqırımının qurbanları anılıb. Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lerik Mədəniyyət Mərkəzində Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə Lerik Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəsmiləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Ardınca çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Tədbirin bədii hissəsində Uşaq Musiqi Məktəbinin xor kollektivi geniş proqramla çıxış edib. Sonda  iştirakşılar Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Salyanda Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, Milli Ordunun şəxsi heyəti, şəhid ailələri Şəhidlər Xatirə Parkına gələrək “Ana harayı” abidəsinin qarşısına qərənfillər düzüblər.  Sonra Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidəsi və Birinci və İkinci Qarabağ savaşının şəhidlərinin xatirəsinə salınan kompleks ziyarət olunub. Vurğulanıb ki, Xocalı soyqırımı qurbanlarının qisası Azərbaycanın rəşadətli ordusu tərəfindən döyüş meydanında alınıb.Daha sonra Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti "Xocalı harayı" adlı kompozisiya təqdim edib. Ağsu rayonunda faciə qurbanlarının xatirəsinə həsr olunmuş ümumrayon yürüşü təşkil olunub. Yürüşün ardınca iştirakçılar rayon mədəniyyət evinin foyesində sərgiyə tamaşa ediblər.  “Xocalı Soyqrımı”na həsr edilən tamaşa nümayış edilib.  Çıxış edənlər ı, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımın dünyada tanınması, hüquqi-siyasi qiymət alması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıblar. Sonra rayonda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb. Xocalı faciəsinin 30 cu ildönümü ilə əlaqədar Qax rayon ictimaiyyəti  Şəhidlər Xiyabanını ziayarət edib. Daha sonra rayon mədəniyyət mərkəzinin kollektivi faciəyə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Rayon Polis şöbəsində keçirilən tədbirdə  hüquq-mühafizə orqanlarının nümayəndələri  Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə cıxış edənlər bildirib ki, 1992-ci ilin fevralında erməni cəlladları Xocalı şəhərində heç bir günahı olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə yetirməklə insanlıq tarixinə qara ləkələr vurublar. Zaqatalada rayon administrasiyası, eləcə də sakinlər soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb. Çıxış edənlər, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Zaqatalada məskunlaşmış Xocalıdan olan 30 ailəyə yardım edilib. Şamaxıda da Xocalı soyqırımın 30-cu ildönümü ilə əlaqədar Soyqırım abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, faciə qurbanlarının sxatiəsi ehtiramla anılıb. Yevlaxda da Xocalı faciəsi qurbanlarının xatirələri anılıb, ruhlarına dualar oxunub. Xalqımızın qan yaddaşı olan faciənin tariximizdə silinməz izlər buraxdığı diqqətə çatdırılıb. İmişlidə Xocalı soyqırımının 30-cu ildönümü rayon sakinlərinin yürüşü ilə anıldı. Şəhər mərkəzindən başlayan yürüş Şəhidlər xiyabanına qədər davam etdi.  Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımız yad edildi, abidə önünə gül dəstələri düzüldü. Saat 17:00-da bütün ölkə ərazisində olduğu kimi Şəkidə də faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb…

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S