Ölkənin ən iri taxılçılıq rayonlarından biri olan Şəkidə bu gedişlə taxıl olmayacaq. Ötən həftələrdə taxılçılıqla məşğul olan fermerlərin yaşadığı subsidiya problemini çəkib göstərmişdik. Fermerlərin bir qismi də hava şəraiti səbəbindən taxılın məhv olacağından narahatdır. Hazırda suvarılmasına ehtiyac olan taxıl sahələrində vəziyyət heç də ürəkaçan deyil. Yaxın günlərdə yağış yağmazsa, məhsuldarlıq tamamilə aşağı düşəcək.
Dəmyə formada əkilən taxıldan məhsul əldə etmək üçün havanın yağıntılı keçməsi şərtdir. Ancaq 3 aydan artıq bir müddətdir ki, taxılçılıq böyük ehtiyac duyduğu yağıntılardan məhrum qalıb. Bu səbəbdən də sahələrdə fermerlər aqrotexniki qulluq qaydalarının tələb etdiyi kimi fevral ayının sonundan verilməli olan yemləmə gübrəsini də verə bilmirlər. Çünki bu tip gübrələnmənin ardından yağıntının yağması vacibdir. Əks halda onsuz da saralıb quruyan taxıl sahələri tamamilə məhv ola bilər. Məsələylə bağlı DAİM də hərəkətə keçib. Fermerlər bu ilki əkindən yüksək məhsuldarlıq və əlavə gəlir proqnozlaşdırsalar da indi ümidlə yağışların yağmasını gözləyirlər ki, heç olmasa torpağa qoyduqları xərclərin bir hissəsini çıxara bilsinlər. Onu da qeyd edək ki, bu il Şəki rayonunda 65 283 ha taxıl əkilib ki, onun da yalnız 19 250 ha suvarılan torpaqlarda qalan 46 min ha isə dəmyə şəraitində əkilib.