Tarixi çox zəngin olan Şimal-Qərb bölgəsində günümüzdə də ciddi araşdırılmasına ehtiyac duyulan yüzlərlə tarixi abidə var. Təkcə Zaqatalada bu günədək 100, Balakəndə isə 26 tarixi abidə qeydə alınıb. 5-6-cı əsrlərdə inşa edilən, rus mənbələrində Zaqatala səddi, fars mənbələrində Kalasur, gürcü mənbələrində Kelasur adlandırılan uzunluğu 120 kilometr olan Böyük Qafqaz səddinin qalıqları bu gün də Balakən rayonunun Katex, Zaqatala rayonunun Pərzivan ərazisində qalmaqdadır. Səddin restavrasiyası bölgə tarixinin araşdırılması, eləcə də qorunaraq gələcək nəsillərə ötürülməsi üçün olduqca vacibdir. Yaxın keçmişə aid olmsına baxmayaraq, bölgə üçün əhəmiyyətli tarixi tikililərdən biri də 1828-ci ildə Rus İmperiyasının Cənubi Qafqazda mövqelərini gücləndirmək məqsədi ilə inşa edilən Zaqatala Qalasıdır. Elə Zaqatalaya 1851-ci ildə Rus İmperatorunun imzaladığı sənədlə şəhər statusunun verilməsi də birbaşa bu qalanın adı ilə bağlıdır. Tarixi abidələrin araşdırılması və restavrasiyası bölgəyə turustlərin cəlb edilməsi baxımından da əhəmiyyətlidir.Ümid edirik, yaxın gələcəkdə bu istiqamətdə də müvafiq işlər görüləcək.