Şamaxı rayon Göylər kənd Folklor evi artıq 2-ci əsrdir ki, fəaliyyət göstərir. Ancaq görkəmli binadan geriyə sadəcə xatirələr qalıb. Bina o dərəcədə qəzalı vəziyyətdədir ki, üfürən olsa uçar. Və yaşanacaq təhlükənin fərqində olsalar da hələ də bu binada çalışanlar var.
Göylər kənd sakinləri 300 nəfər tutumu olan folklor evində keçirilən çox sayda tədbirləri, məşhur müğənnilərin konsertlərini hələ unutmayıblar. Ancaq söhbət yaşlı nəsildən gedir. Gənclər üçün isə folklor evi bu gedişlə ancaq xarabaxalığı ilə yadda qalacaq. 2016-cı ildə baş vermiş zəlzələdən sonra onsuz da istismar müddətini başa vuran bina daha təhlükəli vəziyyətə düşüb. Binanın divarlarının bir hissəsi uçub, qapı və pəncərələri dağılıb, tavan və döşəmələr çökmək üzrədir. Ən acınacaqlısı isə odur ki, qəzalı vəziyyətdə olan bina hələ də faəliyyət göstərir. Kənd kitabxanası və Göylər kənd Folklor evinin mədəniyyət işçiləri bu binada çalışır. Həmçinin sakinlər asudə vaxtını burada keçirir. Məsələ ilə bağlı həm folklor evinin işçiləri, həm də kənd sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət edib. Ancaq nə işçiləri köçürən olub, nə də binaya bir əncam çəkən. Görünən odur ki, Göylər kənd sakinləri hələ bir müddət daha qəzalı folklor evindən istifadə etməli olacaqlar. Əlbəttə ki, bu müddət ərzində hər hansı bədbəxt hadisə baş verməsə.