Ölkədə qazlaşdırılma ilə bağlı hər il müəyyən tədbirlər görülsə də qazlaşmadan kənarda qalan yaşayış məskənləri də yetərincədir. Xüsusilə də yeni yaşayış massivlərində əhali daha çox bu problemi yaşayır. Zaqatalanın Şimal-Qərb massivində olduğu kimi.
Zaqatala şəhərində yerləşən Şimal-Qərb Massivində sakinlərin rahatlığı və infrastruktur baxımından bir çox şərait qurulub. 800-dən çox təsərrüfatın olduğu bu ərazidə yeganə çətinlik, təbii qazın olmamasıdır. Massiv sakinləri illərdir rayon mərkəzinə yaxın bir ərazidə odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edirlər. Sakinlərin sözlərinə görə,hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edənsakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Verilən vədə əməl olunsa, belə görünür, sakinlər növbəti qışa artıq odun dərdi çəkməyəcəklər.