Qax rayonunun dağlıq-meşəlik ərazisində ötən gün günorta saatlarından başlayan yanğının söndürülməsi hələ ki, mümkün olmayıb. Yanğın Qum kənd inzibati ərazisindən bir-neçə kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun yüksək dağlıq-meşəlik ərazisində baş verib. Yanğının baş verdiyi ərazi 3 hektarı əhatə edib. Bu gün isə alovun miqyası artaraq 5 hektara çatıb. Ərazi relyefinə görə, çətin və əlverişsiz olduğundan yanğının söndürülməsi əl əməyi ilə aparılır. Yanğının qarşısının alınması və daha geniş ərazilərə yayılmaması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 55 nəfərlik şəxsi heyəti ilə yanaşı, İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Təsərrüfatının əməkdaşları, Qum və Çinarlı kənd sakinləri də cəlb olunub. Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğın nəticəsində qoruq ərazisində ağaclar, qurumuş yarpaq və kol-kos yanır.