Ağdaşın Kotanarx kəndinin sakinləri əkin sahələrini suvara bilmirlər. Artıq iki ilə yaxındır kənddə eyni vəziyyət hökm sürür. Aidiyyəti qurumlara edilən müraciətlər isə nəticəsiz qalıb. Kənd sakinləri su çətinliyi səbəbilə məhsul itkisi ilə üzləşdiklərindən torpaq sahələrində əkin işləri də aparmaq istəmirlər. Əməkdaşımız Aqil Əsədov sözügedən kənddə olub. Yaranan çətinliyin səbəblərini öyrənməyə çalışıb. Son zamanlar ölkə ərazisində yağışların az yağması və havaların quraq keçməsi çaylarda suyun sürətlə azalmasına səbəb olub. Bu da öz növbəsində kənd yerlərində əkin-biçinlə məşğul olan kəndlilərə əkdikləri bitkiləri suvarmaqda çətinliklər yaradır. Bu Mərkəzi Aran rayonlarında özünü daha çox büruzə verir. Susuzluqdan məhsul tələf olur və təsərrüfatçılar ziyana düşürlər. Ağdaşın Kotanarx kəndinin sakinləri onlara məxsus torpaq sahələrini artıq iki ilə yaxındır ki, vaxtlı-vaxtında suvara bilmirlər. Qış aylarında sahələrə az da olsa su gəlsə də, havalar isinməyə doğru getdikdə tamamilə acınacaqlı vəziyyət yaşanır. Mövcud vəziyyətlə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bu günə kimi onların səsinə səs verən olmayıb. Məsələnin əslini öyrənmək üçün üz tutduq Ağdaş rayon Suvarma Sistemləri İdarəsinə. İdarənin baş mühəndisi Namiq Kərimov bildirdi ki, məsələdən xəbərdardırlar. Mövcud vəziyyətin yaranmasına səbəb isə Yuxarı Şirvan kanalından suyun sərt limitlə yəni az verilməsidir. Artıq idarə tərəfindən Yuxarı Şirvan Kanalının rəhbərliyinə müraciət olunub. Baş mühəndisin sözlərinə görə, yaxın vaxtlarda kəndə suyun verilişi artırılacaq və sakinləri narahat edən məsələ öz həllini tapacaq. Sinxron: Namiq Kərimov-Ağdaş SSİ-nin baş mühəndisi - Əsas su mənbəyi Turyançay çayı Yuxarı Şirvan kanalı və Kür çayıdır Hal hazırda suvarma mövsümü olmadığından lakin havaların quraq keçməsi ilə əlaqdəar əkilmiş əkin sahələrinin suvarılmasına ehtiyac yaranır. Sakinlər ümid edir ki, növbəti suvarma mərhələsi başlayan ərəfədə suvarma suyuna olan tələbat ödəniləcək. Kotanarx kəndinin əkin sahələrində daha məhsul itkisi yaşanmayacaq.