Şəkinin əksər ərazilərində, xüsusilə də mərkəzi küçələrdə, nəqliyyatın sıxlıq təşkil etdiyi ərazilərdə qanunsuz parklanmalar var. Hətta dayanma-durma nişanının düz altında avtomobillər sıraya düzülür. Təbii ki, bu da digər nəqliyyat vasitələri və eləcə də piyadalar üçün çətinlik yaradır.
Polisin qanunsuz olduğunu dediyi ərazilərə bələdiyyə rəsmi icazə verib. Belə görünür, qurumlar bir-birindən məlumatsız işləyir.Ümid edirik ki, məsələ bu sujetdən sonra öz həllini tapmış olacaq...
Şəkidə bir çox yerlərdə dayanma durmanın qadağan olunması ilə bağlı nişanların olmasına baxmayaraq sürücülər həmin ərazilərdə avtomobillərini saxlayaraq yollarda süni hərəkət sıxlığı yaradırlar. Əksər sürücülər qanunsuzluq etdiklərinin fərqindədirlər, ancaq başqa yollarının olmadığını deyirlər. Ancaq problem bununla da bitmir. Belə ki, Şəkinin mərkəzi və hərəkət sıxlığının çox olduğu yollarda hər addımbaşı süni dayanacaqlar və özlərini bu dayanacaqların sahibləri kimi aparan el sözü ilə desək “parkovşiklər”lə də qarşılaşmaq mümkündür. Avtomobillərin parklanma ehtiyacından süni istifadə edərək bunu gəlir mənbəyinə çevirən və qanunsuz parklanma yerləri təşkil edənlərsə rəsmi icazələrinin olduğunu deyir. 2022-ci ildə Şəki şəhəri ərazisində dayanma-durma qaydlarını pozan sürücülərə qarşı 290 protokol tərtib olunub. Polis əməkdaşları qanunsuz parklanma ilə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atacaq. Qeyri-qanuni parklanma yeri yaradan hüquqi və ya fiziki şəxslər, eləcə də dayanma-durma qaydalarına əməl etməyənlər məsuliyyətə cəlb ediləcək.