Şəkinin yol problemi artıq illərdir ki, sakinləri təngə gətirib. Bu mövzu ilə bağlı bir çox sujetlər yayımlanıb, növbəti buraxılışlarımızda da toxunacağıq. Bu, öz yerində.. Amma bir də uzun illərdir təmir olunmayan daxili küçələr var. Hansı ki, kanalizasiya xətti çəkilişindən sonra onsuz da təmirsiz olan küçələr tamamilə bərbad hal alıb, keçilməz vəziyyətə düşüb. Belə küçələr həddindən çoxdur. Çəkiliş etdiyimiz Ziya Bünyadov və İzzət Həmidov küçələrinin timsalında mövcud vəziyyəti işıqlandırmağa çalışmışıq.
Şəkinin Ziya Bünyadov küçəsinin yolu bərbad vəziyyətdədir. Şəhid Vasif Həmidovun da evinin yerləşdiyi küçəyə su və kanalizasiya xətləri çəkildikdən sonra yolları daha çox dağılıb. Təəssüf ki, bura üz tutan hər kəs yayda toz duman, qışda isə palçıqlı küçədə hərəkət etmək məcburiyyətini yaşayır. Yoldakı çala-çuxurlar maşınların da burdan keçməsini mümkünsüz edir. Şəhid İzzət Həmidovun adını daşıyan küçədə də vəziyyət ürəkaçan deyil. Hər gün bu yoldan ən az iki dəfə keçmək məcburiyyətində qalan azyaşlı uşaqlar problemi daha çox yaşayırlar. Sakinlər dəfələrlə aidiyyatı orqanlara müraciət etdiklərini, ancaq boş vədlər aldıqlarını bildirirlər. Məsələ ilə bağlı Şəki şəhər İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsindən bildirildi ki, hazırda bu cür ara küçələrin asfaltlanması gündəmdə deyil. Yalnız su-kanalizasiya layihəsi tam yekunlaşdıqdan sonra həmin ara keçələrin də asfaltlanmasına başlanacaq. Layihənin yubandığını və hələ daha 3 il davam edəcəyini nəzərə alsaq belə görünür, bərbad halda olan bu cür küçələrdə sakinlər bir müddət də yaşamağa davam edəcəklər.