Ölkənin ən iri taxılçılıq rayonu olan Şəkinin Baş Göynük kəndinin sakinləri də əsasən taxılçılıqla məşğul olur. Ancaq fermerlər bu il məhsul götürə bilməyəcəklər. Səbəbi isə subsidiya ala bilməmələri , nəticədə məhsula lazımı qulluq göstərə bilməmələridir. Subsidiya problemi ilə üzləşən fermerlər əkin-biçini atmaq həddinə çatıb, son çarə olaraq da qaynar xəttimizə üz tutublar. Biz də məsələni araşdırıb, həlli yolunu tapmağa çalışmışıq.
13 mindən çox əhalisi olan Şəkinin Baş Göynük kəndinin 1500 fermer təsərrüfatı var ki, onların 1400-dən çoxu son iki il üçün nəzərdə tutulan əkin subsidiyalarını ala bilməyiblər. 80 faizi taxıl istehsal edən bu fermerlərin əksəriyyəti yaranan problem səbəbindən əkin işlərini də aparmayıblar. Əkin aparanlar isə məhsuldarlıqdan əmin deyil. Məsələyə münasibət bildirən Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyir ki, vətəndaşların müraciətləri “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə araşdırılıb. Məlum olub ki, onlara imtina verilməsinin səbəbi mülkiyyəti təsdiq edən sənədlərinin qaydasında olmamasıdır. Bununla bağlı ilk illər fermerlərə güzəşt edilib və hər il də vətəndaşlara bildirilib ki, mülkiyyət hüququnu təsdiq edən sənədi, yəni çıxarışı alsınlar. Verilməyən subsidiyalarınyenidən ödənilməsinin mümkün olmadığı deyən Vüqar Hüseynov fermerlərə sənədlərini düzəldib 2022-ci ilin yazlıq əkini üçün yenidən müraciət etməyi məsləhət görür. Digər tərəfdən, fermerlər çıxarışın alınması üçün tələb olunan rüsumların kifayət qədər yüksək olmasından gileylənirlər. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tehran Rzayev isə deyir ki, çıxarışların alınmasını asanlaşdırmaq məqsədilə 3.5 milyon manat ayrılıb. 2022-2024-cü illər ərzində fermerlərə çıxarışlar rüsum almadan dövlət vəsaiti hesabına veriləcək. O ki qaldı subsidiyaların verilməsində ayrı seçkilik məsələlərinə... Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına əsasən 2021-ci ildə fermerlərə subsidiya şəklində 219 milyon manata yaxın vəsait verilib. 2020-ci ildə isə bu rəqəm 278 milyon manat olub. Ötən il ümumi ölkə üzrə 11%-ə yaxın fermerin sənədləri qaydasında olmadığından subsidiyadan yararlanmaq üçün müraciəti rədd edilib. Ümid edək ki, bu rəqəmlər ilin sonunda özünü kənd təsərrüfatı məhsullarının ümumi həcminin azalması ilə hiss etdirməz.