Zərifə Əliyeva yüksək mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Bu fikirlər akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Şamaxıda keçirilən konfransda səsləndirilib. Rayon İcra Hakimiyyəti və Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon rəsmiləri, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər akademik Zərifə Əliyevanın tibb elminin inkişafındakı xidmətlərindən, oftalmologiya sahəsinə gətirdiyi yeniliklərdən danışıblar. Bildirilib ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb. Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.