Ağsu aşırımında torpaq sürüşməsi nəticəsində dağılan yolun bərpasına başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, ərazidə sürüşmə aktivliyinin davam etdiyini nəzərə alaraq, bərpa işlərinə bu gündən start verilib. Hazırda sürüşmə baş verən hissədə eroziyaya məruz qalan torpaq qatı təmizlənir, əraziyə yeni material tökülür və kipləşdirmə işləri aparılır. Növbəti mərhələdə isə asfaltlama işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, bir neçə gün əvvəl bölgəyə yağan intensiv yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci kilometrliyində torpaq sürüşməsi baş verib. Nəticədə asfalt qatı yararsız hala düşüb, dərin yarğanlar əmələ gəlib. Bu səbəbdən də sürücülərin hərəkətində müəyyən çətinliklər yaranıb.