Növbəti sujetimizdə həyatın bütün çətinliklərinə sinə gərərək övladlarını böyüdən anadan danışacağıq. Qəhərmanımız 6 uşağı, 9 nəvə, 10 nəticə, 2 kötücəsi olan 100 yaşlı Şukufə nənədir.
Şukufə Əhmədova 1925-ci ildə Yevlaxın Qaraoğlan kəndində anadan olub. Həyatın hər üzünü görən Şukufə nənə kiçik yaşlarında atasını itirir anası ilə birgə Şəkinin Çayqaraqoyunlu kəndinə köçür. Gəncliyi 2-ci dünya müharibəsinə düşür. Deyir ki, Gəncədə sənət məktəbində oxuyarkən həm də hərbi təlimlərə qatılır və snayper kursları keçir.
Müharibə bitdiyindən onun ön cəbhəyə göndərilməsi təxirə düşür. Gəncədə zavodların birində toxucu kimi çalışan Şukufə Əhmədova kəndə qayıdır və burada sinif yoldaşı Əmrahla ailə qurur. Yoldaşı ilə 68 il xoşbəxt ömür sürürlər.
Şükufə nənənin uşaqlarının bəziləri kiçik yaşlarında rəhmətə gedib. Yarı ac yarı tox yaşasa da bütün çətinliklərin öhdəsindən gəlib və 6 övlad boya başa çatdırıb. Şukufə nənənin nəvələrinin 2-si Vətən müharibəsinin iştirakçısı biri qazidir. İndi qazi nəvəsinə dövlət tərəfindən Şəkinin Çeşməli kəndində verilən evdə gəlini ilə birgə yaşayır.
Şukufə nənənin səhhətindən şikayəti yoxdur. O, uzunömürlülüyünün sirrini kənd havasında, zəhmətdə və mehribançılıqda görür.
Şənbə, 18 Yanvar 2025 12:04