Şamaxıdan 10 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı, gözəl təbiətə malik olan Şamaxının Kərkənc kəndi indi sakitliyə qərq olub. Hazırda 40 ailənin , 300-ə yaxın sakinin yaşadığı kənddə əhali sayı artmaq əvəzinə azalmağa doğru gedir. Susuzluq,yolsuzluq və saymaqla bitməyən problemlər ucbatından sakinlərin bir çoxu evlərini boş, kimsəsiz qoyaraq başqa ərazilərə köç edirlər. Bu da yaşlı nəslin nümayəndələrini narahat edir. Baxımsız qalan evlərsə yararsız hala düşüb.
Kənd ərazisində su bulaqları olsa da hamısı quruyub. Sakinlər deyir ki, kəndə həftədə bir dəfə hər evə 120 litr su verilir, oda lilli, palçıqlı. Bilmirik o suyu özümüz istifadə edək yoxsa mal qaraya verək.
Kənddə problemlər bununla da yekunlaşmır. Ərazidə aptekin, marketin olmaması sakinlərin işini daha da çətinləşdirir.
Bütün bunlar azmış kimi kəndin bir tərəfi zibilliyə qərq olub. Ərazidə antisanitar vəziyyət hökm sürür. Sakinlər deyir ki, illərdir yaşadıqları çətinliklərlə bağlı bütün aidiyyatı qurumlara müraciət ediblər. Ancaq məhəl qoyan olmayıb. Bir müddət də davam etsə Kərkənc də tərk edilmiş kəndlərində siyahısında öz yerini alacaq.
Çərşənbə, 09 Oktyabr 2024 15:17