Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.
Şəki şəhərindən start götürən toxum sərgi-satış yarmarkasında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub.
Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Yarmarkada Şəki-Zaqatala iqtisadi rayonu üzrə Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən və Qax rayonlarından fermerlər qatılıblar.
Sərgidə həmçinin kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub.
Cümə, 16 Avqust 2024 12:59