Zaqatalada keçmiş məhkumlar arasında mübahisə bıçaqlanma ilə sona çatıb. Gecə saatlarında Zaqatalanın Fındıqlı kəndində 31 yaşlı Taleh Xəlilovla 34 yaşlı Amid Şabanov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Amid Şabanov üzərində olan bıçaqla Taleh Xəlilova xəsarət yetirib. O, Zaqatala Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumata görə, Taleh Xəlilova lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Amid Şabanov saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə iştirakçılarının hər ikisi də əvvəllər məhkum olunub. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırmalar davam etdirilir.