Şəki Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və yaxud Boy çiçəyi” pyesi əsasında hazırlanan yeni tamaşaya ictimai baxış olub. Yazıçının anadan olmasının 110 illiyinə həsr olunan tamaşanın premyerası teatrın mövsüm bağlanışında teatrsevərlərə təqdim edilib. Elvin Nurinin quruluş verdiyi, tamaşada cərəyan edən hadisələr sanki keçmiş sovet dövründə deyil, bu gün baş verir. Məhz bu səbəbdən də rejissor böyük ustalıqla hadisələrin axarına güclü təsir etmədən, əsas mətləbdən uzaq düşmədən əsəri tamaşaçıya yeni bir formada təqdim edə bilib.