Çərşənbə axşamı, 09 İyul 2024 13:07

Qaraqaya kəndinin illərdir həll olunmayan yol problemi

İsmayıllının Qaraqaya kəndinin sakinləri uzun illərdir yolsuzluqdan əziyyət çəkirlər. Rayon mərkəzindən 22 km aralıda yerləşən kənd , necə deyərlər, gözdən uzaq, könüldən iraq düşüb. 400-dən çox əhalisi olan bu kənd Lahıc istiqamətinə gedən avtomobil yolunun üzərində yerləşir.

Rayonun turizm əhəmiyətli kəndlərindən biri olan, təmiz havası, füsunkar təbiəti ilə göz oxşayan Qaraqayanın yeganə problemi var, o da yolsuzluq...

Kənd istiqamətində avtomobillə hərəkət demək olar ki, mümkün deyil. Sakinlər, eləcə də kəndə gələn turistllər ya atla, ya ulaqla, ya da ki, piyada 2 km-dən artıq yol getməli olur.

Kənd sakinləri deyir ki, yağış yağan kimi rayon mərkəzilə əlaqələri kəsilir. Dağlardan gələn sel suları, lil qatı hərəkəti mümkünsüz edir. Sakinlərin sözlərinə görə, aylardır döymədikləri qapı qalmayıb. Amma nə kəndə gələn var, nə də gedən.

Məcburiyyət qarşısında sakinlər öz vəsaitləri hesabına təmir işləri aparmaq istəsələr də texnikanın olmaması səbəbindən işləri yarımçıq qalıb.

Məsələ ilə bağlı Qaraqaya kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Azər Bağırov yolun təmir ediləcəyini bildirdi. Onsuz da uzun müddətdir Qaraqaya sakinlərinin gözü yolda, qulağı səsdədir, texnikanın gəlməyini gözləyir.

Son günlər yağışların da ara verdiyini nəzərə alsaq, ümid edirik texnikalar tezliklə kəndə ayaq basar. Beləliklə Qaraqayalıların problemi həllini tapar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S