Bu möhtəşəm mənzərə Qobustan rayonundandır. Qayaların arasındakı Sündü və Təndirənohur şəlalələri bənzərsiz gözəlliyi ilə görənləri valeh edir.
Bu əsrarəngiz gözəlliyi görmək üçün Qobustanın Sündü kəndindən 3 km-lik məsafəni qət etmək lazımdır. Yolu bir qədər avtomobillərlə getmək mümkün olsa da ardınca avtomobili dağ üzərində saxlayıb, bir qədər enişli-yoxuşlu yolu piyada qalxmaq lazımdır.
Ərazi dağlıq relyefdə olduğundan qayalıqların arasından enişli-yoxuşlu yolu qət etdikdən Təndirənohur şəlaləsinə çatırıq.Dağların arasıyla axan kiçik çay burada möhtəşəm bir görüntü yaradıb. Şəlalənin töküldüyü yerdə, ərazisi kiçik olan dərin göl,ətrafda olan ağaclar, giləmeyvə kolları, sıldırım qayalar sanki bu gözəlliyə əlavə rəng qatır.Bura yerli sakinlərin sevimli istirahət məkanıdır. Şəlaləyə aparan cığırla irəlilədikcə mağara, qrot və qalereyalarla rastlaşırsan.Bu cür mənzərəli vadilər bu yerlərdə çoxdur, yaşayış məntəqəsinin yaşı isə bir neçə min ili ötür.
Şamaxı və Qobustandan olan sakinlər çətinliklə də olsa, gəlib mənzərənin dadını çıxardırlar. Amma gözdən uzaq olması, həmçinin yolsuzluq səbəbindən turistlər bir çox hallarda yarı yoldan geri qayıdırlar. Relyefin çətin olması qadın və uşaqları da bu möhtəşəm mənzərədən məhrum edir. Sakinlər yolun çəkilməsi ilə gələnlərin sayının artacağı, turizmin inkişafına təkan verəcəyi qənaətindədir.
Daha bir xoşagəlməz məqam da ərazidə təmizliyə riayət olunmamasıdır. İstirahətə gələnlər özləri ilə gətirdikləri qida qalıqlarını əraziyə atıb gedirlər ki, bu da mənzərənin gözəlliyinə kölgə salır.
Onu da qeyd edək ki, 5 min illik qədim tarixə malik Sündü başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, nadir şəlalə və bulaqlar, yaşıl örtüklü dərin yarğanlar bu kəndin ecazkar təbiətinin yalnız bəzi cizgiləridir. Sündü kəndində şəlalədən başqa 32 bulaq, 2 kəhriz, 2 su dəyirmanı, 100 yaşlı məktəb, 920-ci ilə aid məscid də var.
Çərşənbə axşamı, 11 İyun 2024 15:11