Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərini davam etdirir. Bu məqsədlə Mərkəzin mütəxəssisləri "Kanal S" televiziyasında Azərbaycan dilinin saflığının qorunması mövzusunda seminar keçiriblər.
Seminarda Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolundan bəhs edilib, bir sıra təkliflər dinlənilib. Səfər çərçivəsində mərkəzin mütəxəssisləri Şəkinin orta ümumtəhsil müəssisələrində də olub, “Dilimizə sevgi ilə” adlı interaktiv təlimlər keçiriblər.
Mütəxəssislər Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini bildiriblər. Görüşlərdə sözlərin düzgün tələffüz qaydaları misallarla müzakirə edilib, şagirdlərin dil bilikləri yoxlanılıb. Təlimlərdə aktiv iştirak edərək fərqlənən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Çərşənbə, 05 İyun 2024 12:47