Yaz fəsli gələr-gəlməz bazarlar və bir çox iri marketlərin piştaxtalarında mövsümündən tez yetişən meyvələr yer alıb. Xüsusilə də bu meyvələr sırasında daha çox gözə çarpan çiyələkdir. Özü də öyrəşdiyimiz çiyələklərdən dəfələrlə böyük olanlar. Satıcılar da deyir ki, Anjelika adlandırılan bu sorta tələbat çoxdu.
Mürəbbəlik hesab olunan xırda, yəni "Viktoriya" adlandırılan çiyələklər daha çox tövsiyyə olunsa da, əksəriyyət "Anjelika" növünə üstünlük verir. Bu giləmeyvələr isə istixanalarda yetişdirilir. Belə meyvələrin artıq istifadəsi zəhərlənmələrə səbəb ola bilər. Son bir ayda Zaqatalada zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayındakı artım da bunu deməyə əsas verir.
Həkimlər də öz növbəsində mövsümündən əvvəl xüsusi şəraitdə yetişdirilən meyvə və tərəvəzlərin zəhərlənmə hallarına yol açdığını təsdiqləyir. Mütəxəssislər də zəhərlənmə saylarının artmasının əbəs yerə olmadığını bildirirlər.
Belə ki, onların sözlərinə görə bu cür meyvələr genetik modifikasiya olunub və kimyəvi maddələr vurularaq yetişdirilib. Qeyd edək ki, mövsümündə yeyilən çiyələk immuniteti gücləndirir, qaraciyər problemlərinə yaxşı təsir edir. Hətta xərçəngə qarşı qoruyucu hesab olunur. Odur ki, yediyiniz məhsulların mənşəyinə, yetişdirilmə və ən əsası da saxlanma şəraitinə diqqət yetirməklə özünüzü və sevdiklərinizi çox böyük bəlalardan qoruya bilərsiniz.
Bazar ertəsi, 13 May 2024 14:53