Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub. Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşanın quruluşçu rejissoru - teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər. Səhnə əsəsri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Şəkidə milli peşəkar teatrın yaranmasının 145 ili çərçivəsində il ərzində görkəmli dramaturqların əsərləri tamaşaya qoyulacaq. Şəkidə milli peşəkar teatrın yaradılmasının145 illiyi münasibətilə IV Şəki Beynəlxalq Teatr Festivalı da keçiriləcək.
Bazar ertəsi, 13 May 2024 13:57