Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Xalqın mədəni sərvəti” layihəsini bu dəfə Şəkidə təqdim edib. Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan layihənin beşinci günündə Şəki şəhər Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında xalq artistini sevənlər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Süleyman Ələsgərovun yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi töhvələrdən bəhs ediblər. Konsertdə Şəki şəhər Uşaq İncəsənət Məktəbi, və 2 , 3 və 4 nömrəli musiqi məktəblərinin müəllimləri tərəfindən bəstəkarın “Rəqs tokkata”, ”Gözlə məni”, ”Xəyala dalarkən”, ”Vətənimdir”, ”Daimi hərəkət” və s. mahnıları səsləndirilib.
Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində dahi bəstəkarımız Qara Qarayevə, 27-29 mart tarixlərində xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğluna həsr olunub.
Şənbə, 20 Aprel 2024 13:58