Şamaxı rayonunun Hüseyn Ciddi küçəsinin sakinlərinin kabusuna çevrilən avtomobil yolundan xəbər verəcəyik. Belə ki, yeni çəkilən yol istismar müddətini başa vurmadan, dağılır. Beləcə keyfiyyətsiz işin axırı ayrılan vəsaitin boşa çıxması ilə nəticələnib. Daha ətraflı indi təqdim edəcəyimiz sujetdə...
Şamaxının ən böyük küçələrdən olan Hüseyn Ciddi küçəsi iki ilə yaxındır ki, yenidən qurularaq sakinlərin və sürücülərin istifadəsinə verilib. Ancaq yol necə keyfiyyətsiz çəkilibsə çox keçməyib ki, yararsız vəziyyətə düşüb. Yolda yaranan çökmələr burdan gündəlik istifadə edən sürücülərə çətinlik yaradır.
Yolun çəkilişi zamanı piyadaların rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri tikilib. Ancaq asfalt örtüyü ilə yanaşı, piyada səkiləri də aşınmaya məruz qalaraq dağılıb. Bəzi nöqtələrdə isə səkilərin tikintisi yarıda saxlanılıb. Bu da sakinlərin haqlı narazılığına səbəb olur...
Digər tərəfdən, yol nişanları da qoyulmadığı üçün bu yoldan istifadə edən sürücülər sürət həddinə riayət etmir. Səkilərin yararsız olması səbəbindən piyadalar yolun hərəkət hissəsi ilə getməli olurlar ki, bu da onların həyatı üçün real təhlükə yaradır.
Rayonun baş memarı müsahibədən boyun qaçırsa da şifahi olaraq bildirildi ki, tezliklə sözügedən avtomobil yolunda təmir işlərinə start veriləcək. Uçaraq yararsız vəziyyətə düşən səkilər isə yenidən bərpa olunaraq sakinlərin istifadəsinə veriləcək. Ümid edirik ki, bu dəfə ki təmir uzunömürlü olar və nəticədə ayrılan vəsait boşa getməz.