Ötən ilin payızında Şəki təsərrüfatlarında cari ilin məhsulu üçün 58 min 236 hektar sahədə taxıl əkini aparılıb. Taxıl əkinlərinin 24 min 63 hektarını buğda, 34 min 173 hektarını arpa sahələri təşkil edir. Hazırda taxıl sahələrində fitosanitar müşahidə və kompleks kimyəvi mübarizə tədbirləri davam etdirilir. Mütəxəsisslər fermerləri sahələrində daimi müşahidə aparmağa çağırıb. Mübarizə tədbirlərində rezistentlik strategiyasına uyğun olaraq eyni təsiredici maddədən olan pestisidlərin növbələşməsinə xüsusi diqqət yetirilir. Bu, eyni zamanda aparılan mübarizənin bioloji səmərəliliyinin artmasında xüsusi rol oynayır. Hazırda taxıl sahələrində alaq otlarına qarşı da kimyəvi mübarizə tədbirləri həyata keçirilir. İndiyədək 17741 hektar sahədə birləpəli və ikiləpəli birillik və çoxillik alaq otlarına qarşı tətbiqinə icazə verilən kimyəvi preparatlarla mabarizə aparılıb. Mütəxəssis alaq otlarına qarşı mübarizədə iqlim şəratinin və temperaturun böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində aparılmış fitosanitar müşahidələr nəticəsində aşkar edilən və sıxlığı iqtisadi ziyanvurma həddində olan 2869 hektar sahədə taxıl böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizə aparılıb. Bundan əlavə, Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən dövlət hesabına verilmiş sink-fosfid preparatı ilə 7692 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı zəhərli aldadıcı yem tətbiq edilməklə kimyəvi mübarizə işi təşkil olunub. Havanın nisbi rütubətinin və temperaturun yuxarı olması səbəbindən taxıl sahələrində xəstəliklərə sirayətlənmə də müşahidə olunub. Mütəxəssisin fikrincə martda yağıntının çox olması taxıl sahələri üçün əhəmiyyətli olub, sahələrdə nəzərə çarpacaq dərəcədə böyümə və inkişaf hiss edilir. Bu da onu deməyə əsas verir ki, əvvəlki iki ildən fərqli olaraq, bu ilki məhsuldarlıq xeyli yüksək olacaq.