Şəhid heykəltaraş Samir Kaçayevin xatirəsinə həsr edilmiş yaradıcılıq sərgisi keçirilib. Əvvəlcə şəhidin Çuxuryurd kəndində yerləşən məzarı ziyarət olunub,xatirəsi ehtiramla anılıb. “Daşa can verib, “Küləklə sovrulan”” adlı yaradıcılıq sərgisi Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Yaradıcılıq Mərkəzində baş tutub.
Şəhidin ailə üzvləri, rayon rəsmiləri və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri və ictimaiyyət nümayəndələri sərgidə iştirak ediblər.Tədbirdə iştirak edənlər Samir Kaçayevin həyat və yaradıcılığından, onun yüksək vətənpərvərliyindən söz açıblar. Torpaq uğrunda şəhid olmağın ən ali, uca zirvə olduğu vurğulanaraq şəhidlərin daim elin yaddaşında xatırlanacağı bildirilib.
Qeyd edək ki, Samir Kaçayev 2016-cı ilin aprel ayında torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Samir Kaçayev ölümündən sonra İgidliyə görə” medalı ilə təltif edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva 2021-ci il noyabrın 1-də Şamaxıya səfər zamanı Samir Kaçayevin “Küləklə sovrulanlar” kompozisiyasının instalyasiyasına baxış keçirib, şəhidin ailəsi ilə görüşüblər
Çərşənbə, 06 Mart 2024 13:17