Şəkidə avtomat və tapançanı 3200 manata satmaq istəyən şəxs saxlanılıb. Sarıca Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubov odlu silahı satmaq məqsədilə aparan zaman saxlanılıb. Onun üzərindən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilib. Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Sahib Yaqubov barəsində həbs-qətimkan tədbiri seçilib.