Şamaxı rayonunun Kərkənc tam orta məktəbində Şəhid Kapitan Nəcəf Şikarovun doğum günündə xatirəsi anılıb. Sözügedən məktəbdə Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə sinif otaqlarına şəhidlərin adı verilib. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəsmiləri, şəhid ailələri, müəllim və şagirdlər iştirak ediblər. Əvvəlcə Şəhid Nəcəf Şikarovun ömür yolundan bəhs edən videoçarx izlənilib. Ardınca çıxış edənlər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, igid oğullarımızın, eləcədə Nəcəf Şikarovun göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Vurğulanıb ki, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan Nəcəf Şikarov şəhadətindən sonra II Fəxri Xiyabanda torpağa tapşırılıb. Şəhidimizin Zinyət və Zəhra adlı iki övladı yadigar qalıb. Qəhrəmanımız düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq örnəyinə, igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Qarabağ” ordeni ilə , həmçinin “Vətən uğrunda", "Füzulinin və Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib. Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib. Məktəb kollektivi Şəhid Kapitan Nəcəf Şikarovun qəbrini ziyarət ediblər.