20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şamaxının Şəhidlər xiyabanında anım mərasimi keçirilib. Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra rayon rəsmiləri Qanlı Yanvar faciəsində şəhid olmuş Şamaxı sakinləri Vidadi Məmmədov və Ağanəzər İsrayılovun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar . Ardınca keçirilən dəyirmi masada çıxış edənlər 1990-cı il 20 Yanvar tarixinin xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildiriblər. Saat 12:00-da isə respublikanın hər yerində olduğu kimi Şamaxıda da dövlət bayraqları endirilib, sükut elan olunub.
20 Yanvar faciəsinin 34-cü ildönümü Şəkidə də dərin hüznlə yad edilib. Səhər saatlarından başlayaraq rayon rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış “Abidə” kompleksini ziyarət edib, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Vurğulanıb ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb. Saat 12:00-da isə Şəkidə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Qəbələnin Şəhidlər xiyabanında da anım mərasimi keçirilib. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub. Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub, məzarları üzərinə güllər düzülüb. Ümumxalq Hüzn Günü ilə əlaqədar saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qax rayonunda da icra hakimiyyətinin, idarə və təşkilatların rəsmiləri, rayon sakinləri Şəhidlər Xiyabanı ziyarət edib, qəhrəman şəhidlərin məzarı üzərinə əklil və gül dəstələri qoyublar.Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən igid Vətən övladlarının ruhuna dualar oxunub. Bildirilib ki, həmin hadisələrdən 34 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayət olaraq qalacaq.Daha sonra Qax rayon mədəniyyət mərkəzinin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş olunub. Tədbirə bir dəqiqəlik sükutla yekun vurulub.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Zaqatala şəhərində əsaslı təmir olunmuş Şəhidlər Xatirə Kompleksinin önündə anım mərasimi keçirilib. Rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsi iştirakçılarının, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şənbə, 20 Yanvar 2024 15:08