Fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Şəkidə Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda regional seminar-müşavirə keçirib.
Seminar-müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və 17 dairə seçki komissiyalarının sədrləri iştirak edib. Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri Prezident seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, sözügedən layihənin reallaşdırılmasında başlıca məqsəd qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin olunmasıdır. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər.
Çərşənbə, 10 Yanvar 2024 13:20