Balakən rayonu 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi olan Səadət Çerçiyeva səsləndirdiyi vətənpərvərlik şerləri ilə dinləyən hər kəsin qəlbini fəth edib. Yaşının az olmağına baxmayaraq bədii qiraət üzrə bir çox respublika və rayon əhəmiyyətli yarışların qalibi olmuş bu yeniyetmə qız bir neçə il öncə söylədiyi Qarabağ şeiri ilə də sosial şəbəkələrdə fenomenə çevrilmişdi. Gələcəkdə jurnalist olmağı qarşısına məqsəd qoyan Səadət, bu arzusuna çatmaq üçün səylə çalışır. Dərslərini yaxşı oxuyan məktəbli, boş vaxtlarını kitab oxumaq və internet üzərindən qiraət yarışmalarını axtarıb, araşdırıb qatılmağa həsr edir. Səadətin ən böyük dəstəkçiləri də elə ailəsidir. Səadət Çerçiyeva hal-hazırda “Ən yaxşı Təqdimat” yarışmasına hazırlaşır. Gələn il qatılacağı bu yarışmada yeniyetmə məktəblinin təqdimatı Ulu Öndər Heydər Əliyevə həsr olunub. Bir də bir arzusu var Səadətin. Bir neçə il öncə sosial şəbəkələrdə onu fenomen edən Qarabağ şerini elə Qarabağda, azad torpaqlarımızda yenidən səsləndirmək.