Qorxmazlığı, igidliyi ilə ad qazanan, yağı düşmənin ürəyinə od salan qəhrəman vətən oğullarından biri də Balakənin Tülü kəndində dünyaya göz açan Sərxan Köklərovdur. Sərxan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidməti tamamladıqdan sonra, öz arzusu ilə ordu sıralarında qalmağı seçir. Nümunəvi xidmətinə görə “Silahlı qüvvələrin yaranmasının 95 illiyi”, “Azərbaycan ordusunun yaranmasının 100 illiyi” münasibətilə və “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunur. “N” saylı hərbi hissənin tibb məntəqəsində sanitar sürücü vəzifəsini icra edən Sərxan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır. Suqovuşanın və ətraf ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur. “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur. Müharibə bitdikdən sonra doğmaları, yaxınları qəhrəman el oğlundan artıq rayonuna, evinə qayıtmasını istəsələr də, o, “Hələ Vətənimin mənə ehtiyacı var, işimiz tam bitməyib yağı düşmənlə“ cavabını verir. Onu tək başına min-bir əziyyətlə böyüdən anasını, ömür gün yoldaşını və 3 balasını Vətənə əmanət edərək, yenidən öz xidmətinin başına dönür. Sərxan Köklərov 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda apardığı cəmi 24 saat davam edən antiterror tədbirləri zamanı şəhadətə yüksəlir. Şəhadətindən sonra o, Vətən qarşısında olan borcunu layiqincə yerinə yetirərkən fərqləndiyinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin medalları ailəsinə təqdim edilib. Sərxan Köklərovun Aysu, Məryəm və Yusif adlı 3 övladı canından çox sevdiyi Vətəninə əmanət qalıb.