Şəkidə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunan "Vətən məcnunları" kitabının təqdimatı keçirilib. Şəki Tibb kolleci və 1 saylı Mediasiya təşkilatının birgə keçirdiyi tədbirdə şəhid ailələri, tibb kollecinin tələbələri və şəhər ictimaiyyəti iştirak edib. İlk öncə şəhidlərin əziz xatirəsi yad edilib. Ardınca Vətən müharibəsinə həsr olunan videoçarx izlənilib. Çıxış edənlər bildirib ki, Azərbaycan Yazıçılar birliyinin üzvü Şəfa Vəlinin redaktorluğu ilə nəşr olunan kitabda ruhları göylərdə, cismləri torpaqda, adları milyonların qəlbində yaşayan şəhidlərimizin həyat yoluna işıq tutulur. Qeyd olunub ki, kollecin gənc tələbələrinin qələmə aldığı toplu vətən aşiqləri olan qəhrəman oğulların şücaəti, rəşadəti, vətənpərvərliyinə yazdıqları tarixə şahidlik edir, onları bizə daha yaxından tanıdır. Rəsmi hissədən sonra şəhid ailələrinə "vətən məcnunları" kitabı və fəxri fərmanlar təqdim edilib.