MSK-nın təşkilatçılığı ilə regional seminar təşkil olunub Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə, azad, ədalətli və şəffaf təşkili məqsədilə Mərkəzi Seçki Komissiyası paytaxtla yanaşı, regionlarda da tədbirlər keçirir. Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində “Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr edilən” növbəti regional seminar Şəkidə təşkil olunub. Tədbirdə Hüquq və İnsan haqları üzrə mütəxəssislər, eləcə də İsmayılı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə dairə seçki komissiyalarının ekspert qruplarının üzvləri iştirak ediblər. Tədbirdə seçki hüquqlarının pozulması halında qanunvericiliyin tələbləri, müraciət və şikayətlərin araşdırılması, azad seçki hüququ və digər mövzulu çıxışlar edilib. Həmçinin iştirakçılara əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib. Tədbirin praktiki hissəsi başa çatandan sonra MSK nümayəndələri seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı məşğələlər keçib, dairə seçki komissiyaların üzvləri sınaq testlərinə cəlb olunub. Həmçinin ilk dəfə ekspert qrupunun üzvləri üçün hazırlanan, onlara yardımçı olacaq yeni yaddaş kitabçaları paylanılıb.