Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Şəki-Zaqatala iqtisadi rayonunda peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair regional konfrans” keçirilib. Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Qəbələ, İsmayıllı, Oğuz və Şəki Peşə Təhsil mərkəzlərinin rəsmiləri, peşə təhsil mərkəzlərinin tərəfdaş olduğu işəgötürən müəssisələr, eyni zamanda 110-dək sahibkar iştirak edib. Konfrans məzunlar, işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunmuş əmək yarmarkası ilə başlanıb. Ardınca İştirakçıların Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaları üçün infotur həyata keçirilib. Sonra tədbirdə çıxış edənlər peşə təhsilinə olan ehtiyaclar və dövlət-özəl sektorla əməkdaşlığa dair fikirlərini bölüşüblər. Konfransın əsas məqsədinə isə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi, yaradılan iş yerlərinin səriştəli işçi qüvvəsi ilə təminatıdır.