Şuşa fatehi Asəf Ağayev ölümünün üçüncü ildönümündə anılıb. Şəhidin anım mərasiminə toplaşanlar əvvəlcə onun məzarını ziyarət edib, dualar oxuyublar. Şəhidin döyüş yoldaşları, qohumları və ailə üzvləri , eləcə də şəhid ailələri Vətən oğullarının keçdiyi şərəfli yoldan danışıb, xatirələrini bölüşüblər. Asəf Ağayev 1993-cü ilin noyabr ayının 24-də Qax rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi sahədə təhsilini davam etdirib. Ali hərbi məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra 5 dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb. Vətən müharibəsində ilk gündən iştirak edən Asəf Xocalı,Füzuli,Qubadlı ,Cəbrayıl və Şuşa şəhərlərinin azad olunmasında igidlik göstərib. Şuşa şəhərini düşmənlərdən təmizləyən və Şuşaya ilk ayaq basan insanlardan olan qəhrəmanı ailəsi qürurla anır. Qeyd edək ki, Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək həlak olub. O, Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.