ADPU-nun Şamaxı filialında “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində keçirilən konfransda Zəngin tarixə və mədəniyyətə malik olan Şuşaya həsr edilmiş videoçarx nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il noyabrın 8-də azad etdiyi Şuşa şəhərinin azad olunması tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Plenar iclasdan sonra konfrans işini 4 bölmədə - “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk düyasının mədəniyyət paytaxtı Şuşa”, “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” adlı bölmələrdə davam etdirib. Ümumilikdə 200-ə yaxın məruzənin dinlənildiyi konfransa bir çox nüfuzlu təhsil müəssisəslərindən alim və tədqiqatçılar da qoşulub. Sonda konfransın təşkilində fəal iştirakına görə fərqlənən filial əməkdaşlarına sertifikatlar təqdim olundu.