Şəkinin Aşağı Göynük kəndində şəhid Bəxtiyar İdrisovun xatirəsinə həsr olunan “Bəxtiyarsız Günlər” kitabının təqdimatı baş tutub. Tədbirdə çıxış edənlər 19 yaşında şəhadətə ucalan Bəxtiyarın qısa, ancaq şərəfli ömür yolunun əks olunduğu kitab haqqında danışıblar. Vurğulanıb ki, məhz belə qəhrəmanlar sayəsində vətən torpağı düşmən tapdağından azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Tarix yazan bu qəhərmanların həyatı gənclərə örnək təşkil etməli və onların vətənpərvər ruhda yetişdirilməsində istifadə olunmalıdır. Bu baxımdan şəhidlərə həsr olunan kitabların əhəmiyyəti böyükdür. Bəxtiyar İdrisov haqqında danışan müəllimləri, sinif yoldaşları onun necə vətənpərvər, çalışqan sevgi dolu olmasından danışıblar. Bildirilib ki, kitabda həmçinin şəhid Bəxtiyar İdrisov müəllifi olduğu hekayələr də yer alıb. Xatırladaq ki, Bəxtiyar İdrisov 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbirləri zamanı Ağdamın Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.