Laçın sakinlərinin doğma yurda böyük qayıdışı davam edir. Bu dəfə isə Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşan 1 Laçınlı ailəyə bu xoşbəxtliyi yaşamaq, 31 ildən sonra doğma yurduna qayıtmaq qismət olub. Kamal Allahverdiyev ailəsi ilə qayıdışdan öncə bu xoşbəxtliyə vəsilə olan, torpaqlarımızın azadlığına aparan şanlı zəfər uğrunda canından keçən şəhid Ətraf Qənimətovun xatirə abidəsini ziyarət edib. Ruhunu dərin hörmətlə yad edib, abidə önünə tər çiçəklər düzüblər. Çıxış edənlər Ətraf Qənimətov haqqında xatirələrini bölüşüblər. Onun qəhrəmanlığından, mübarizliyindən, gələcək nəsillərə örnək olacaq vətənpərvərliyindən danışıblar. Şəhid valideynlərinə minnətdarlıq bildirilib. Ziyarətdən sonra köçə hazırlaşan ailənin hissləri çox qarışıqdır həm sevinirlər həm kədərlənirlər. 31 il əvvəl ailəsi ilə birlikdə Laçını tərk etməyə məcbur olan Kamal Allahverdiyev 9 yaşında tərk etdiyi vətənə indi ailə başçısı, 3 uşaq atası kimi qayıdır. Kamal deyir ki, bu günü heç təsəvvür edə bilməzdi. Amma bu gün gəldi... Şəkidə arıçılıqla məşğul olan Kamal kişi Laçında da öz peşəsini davam etdirməyi və Laçın balını dünyaya tanıtdırmağı hədəfləyir. Xatırladaq ki, Şəki rayonunda Laçından məcburi köçkün kimi məskunlaşan 1772 üzvü olan 424 ailə var. Onlar da doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.