Şəkidə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert proqramı təşkil olunub. Şəki-Zaqatala regional mədəniyyət idarəsi, Asan xidmət mərkəzi və 4 nömrəli musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konsertdə ümummilli liderin xatirəsi yad edilib. Vurğulanıb ki, Ulu öndərin hakimiyyəti illərində mədəniyyətimiz sürətlə inkişaf etdi, milli ruh özümüzə qayıtdı. Ardınca ümummilli liderin xilaskar roluna həsr olunan “Qəlblərdə əbədi yaşayacaq lider!" adlı sənədli filmin nümayişi olub. Tədbirin bədii hissəsində isə musiqi məktəbinin kollektivi ulu öndərin sevdiyi Üzeyir Hacıbəyovun “Üvertura”-sı, Asəf Zeynallının “Ölkəm” romansı, “Küçələrə su səpmişəm” xalq mahnısı, Cahangir Cahangirovun “Alagöz” və digər mahnıları ifa edib. İfalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.